
Ölüm qorxusu nədir? Ölüm qorxusu - tanotofobiya
Ölüm, sözsüz ki, insanların qorxması gərəkən bir şeydir, insan psixologiyası buna məcbur edir. Hər bir insanın ölümü dərk etməsi, ölümə yanaşması fərqli olduğu üçün ölüm qorxusu da insana görə fərqlilik təşkil edən bir məfhuma çevrilir. Ölüm düşüncəsinin təsirinə məruz qalmaq, əslində, o qədər dəhşətli bir şey deyildir. Ancaq bu, patologiya halını alırsa (tanotofobiya) və fərdin psixikası üçün ciddi təhlükə əlaməti kimi formalaşırsa ölüm düşüncəsi psixi zəmində təhlil edilməlidir.
Ölüm qorxu nə dərəcədə olmalıdır?
Normalda hər insan ölümdən qorxmalıdır, çünki biz başa düşürük ki, ölümdən sonra həyat yoxdur, bütün orqanlarımız fəaliyyətini dayandırır, son nəfəsimiz də tükənir və sevdiklərimizdən ayrılırıq. Ölüm qorxusuna səbəb olan bir sıra faktorlar var ki, bunlar son dərəcə normaldır:
- İnsanlar acı çəkərək ölmək istəmir, ona görə ölümdən qorxur (məsələn, yanaraq ölmək, qəzada ölmək, birisi tərəfindən işgəncə ilə öldürülmək və s.)
- Sevdiklərindən ayrılmaq istəməmək ölümlə mübarizədə insana güc verir.
- Ölüm sonrakı həyat haqqında bilinməzlik (öldükdən sonra günahlar və səhvlər səbəbindən cəzalandırılmaqdan qorxmaq)
- Unudulmağı istəməmək və bir çox başqa səbəb......
Ancaq bəzən də elə ölüm qorxusu səbəbləri və elə qorxu formaları olur ki, bunlar normal olmayan halı və zədələnmiş psixikanı ifadə edir.
Ölümü qəbullanmaq
Ölümü qəbul edə bilməməyimizin əsas səbəbi ölümü bir “son” kimi dərk etməyimizdir. Fəqət ölüm də yaşamın bir parçasıdır – bunu dərk etməyə çalışmalıyıq. Yaşamın bir hissəsi ölüm olduğundan insanlar öldüyündə yaşam əsl funksiyasını yerinə yetirmiş olur və o tamamlanır. Belə olduqda ölüm bizim düşmənimiz yox, yaşamımızın adekvat sonu kimi qəbullandığımız həyata çevrilir.
Ölüm qorxusu ilə mübarizə
Araşdırmalara görə yaş artdıqca ölüm qorxusu da artmaqdadır. Ölüm qorxusu başaçıxılmaz dərəcəyə çatdıqda ilk mərhələdə ölüm və yas barədə oxumalar etmək, psixoloji məlumatlanma, duyğuları anlamaq məqsədəuyğundur. Ölüm qorxusunu yenmək üçün bəzi fərdlər həddindən artıq sosial fəaliyyətdə iştiraka üstünlük verir və ya bunun əksinə, bəziləri tamamən tənhalığı seçirlər. Sonda - basdıra bilmədikləri bu qorxunun əsiri olduqlarını və həqiqətən də, həyatdan zövq ala bilmədiklərini gördükdə psixoloqa müraciət etməli olurlar. İnanın ki, pasiyentlərin bir çoxu bu qorxunun səbəbini belə dərk etməkdə çətinlik çəkir.