
Alış-Veriş Asılılıgı (Şopomaniya)
Alış-Veriş Xəstəlik Ola Bilərmi? | Bu Asılılığın Səbəbləri, Nəticələri və Ziyanları
Alış-veriş asılılığı psixoloji ədəbiyyatda “onyomaniya”, “şopomaniya”, “şopinqparanoya” və “şopoqolizm” kimi adlarla tanınır. Biz alış-verişə çox həvəsli olmağı asılılıqdan daha çox vərdiş kimi görürük. Əslində isə bunun günahsız bir vərdiş kimi görünməsinə baxmayaraq, çox ciddi xəstəlik olduğunu bilirdinizmi?
Bir çox insanda alış-veriş və pul xərcləmə arzusu özünü şiddətli dərəcədə göstərir. Onlar isə adətən gündəlik həyatda kədərli, qəzəbli və xoşbəxt olmayan insanlardır. Belə insanlar alış-veriş etdikdən sonra qısa müddətlik yaşadıqları xoşbəxtlik və məmnunluq hissindən həzz alırlar. Bu xoş hisslər azalmağa başladıqda və nəhayət, itib-getdikdə şəxs əvvəlki əhvalına geri qayıdır. Nəticədə, bir neçə saatlıq xoşbəxtliklər əldə etmək üçün yenidən alış-verişə yönəlir. Bu təkrarlanan proses davam edərək şəxsin maddi çətinliklər yaşamasına (hətta borclarının yaranması və artmasına) səbəb olur. Bu asılılıq elə bir həddə çata bilər ki, alış-veriş asılısı olan şəxs ailəsi ilə maddi mübahisələr edə, aldığı əşyaların dəyərini (qiymətini) gizlədə, həmçinin ailə üzvlərinin maddi təminatında ədalətsiz davrana bilər.
İnsanların alış-veriş asılısı olduqlarını onlara sübut etmək, həmçinin psixoloji olaraq bunu sübut etmək mürəkkəb bir prosesdir. Bu mövzuda psixoloji dəstək də xeyli vaxt ala bilir. Muasir psixologiya merkezide psixoloji dəstək ala bilersiz.
Onyomaniyası Olan İnsanlar Necədir?
- Özlərini pis hiss etdikləri hər an alış-veriş etmək istəyirlər.
- Alış-veriş etdikləri zaman çox güclü hiss edirlər.
- Bu davranışları ailə daxilində mübahisələrə səbəb olur.
- Vaxt keçdikcə xərclədikləri pulun miqdarı artmağa davam edir.
- Ətrafdakılar onu qınamağa başlasa da, problemi qəbul etmək istəmirlər.
- Daim yeni əşyalar almaq axtarışındadırlar (zəruri ehtiyac olmasa da).
Asılılığın yaranma səbəblərinə isə insanların psixologiyasında bəzi pozğunluqların meydana gəlməsi, sosial və psixoloji dəstəyin zəruri olduğu situasiyalar, bipolyar pozğunluq və depressiya əlamətlərinin kəskin olması və s. daxildir. Psixoloji problemlərdən çox əziyyət çəkən, başqa fəaliyyətlərlə məşğul olmaqdan həzz ala bilməyən insanlar davamlı alış-veriş etməyə yönəlir (daha çox qadınlar).
Şübhəsiz ki, alış-veriş etməyi çoxumuz sevirik. Yeni paltarlar almaq, sevdiklərimizə hədiyyələr bəxş etmək, istifadə etdiyimiz smartfonlarımızı yeniləmək bizim üçün bir xoşbəxtlik əlamətidir. Burada ən vacib nüans alış-verişə olan sevgimizin bizə və yaxınlarımıza zərər verəcək qədər artmasına mane olmağa çalışmaqdır. Alış-verişlə yanaşı bizə rahat və xoşbəxt hiss etdirəcək digər hobbilərimizə də zaman ayırmalıyıq.
Ətrafınızda alış-veriş asılısı insanlar görür və ya yaxınlarınızın bu asılılıqdan əziyyət çəkdiyini zənn edirsinizsə, onların psixoloqa müraciət etməli olduqlarını bildirməklə ilk köməyi göstərə bilərsiniz. Beləliklə, onlar həm büdcələrini rahatlıqda idarə edə biləcək, həm də bir tək alış-verişlə xoşbəxt olan yox, xoşbəxt, alış-verişdən sadəcə zövq alan insanlar olacaqlar.